Şəhidlər qürur yerimizdir
Qəbələ, 8 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də Qəbələ rayonunun Çuxur Qəbələ kəndindən olan Tale Şirinovdur. Oktyabrın 8-i Talenin şəhadətə yüksəlməsinin ikinci ili tamam olur.
Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhidin ildönümü ərəfəsində qoruğun və Qəbələ Arxeoloji Mərkəzinin əməkdaşları onun dəfn olunduğu məzarın ətrafında təmizlik işləri aparıb, səliqə-sahman yaradıblar. Əməkdaşlar tərəfindən məzar ətrafı hissələrdə quru ağac budaqları, xəzəllər təmizlənib, torpaq hamarlama işləri görülüb. Şəhidin və ailə üzvlərinin məzarlarının üzəri silinib təmizlənib. Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun və Arxeoloji Mərkəzin əməkdaşları adından şəhidin məzarı üzərinə əklil qoyulub, xatirəsi yad olunub.