Şəhid Nihat Qasımov Şəkidə torpağa tapşırılıb
Şəki, 14 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər Nihat Mehman oğlu Qasımov sentyabrın 14-də doğulub boya-başa çatdığı Şəkinin Kiçik Dəhnə kəndində dəfn olunub.
Dəfn mərasimində şəhər rəhbərliyi, şəhidin qulluq keçdiyi hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin dəfn mərasimində izdiham yaşanıb. Çıxışlarda düşmənin genişmiqyaslı təxribatının qarşısının qətiyyətlə alındığı, şəhidlərin qanının yerdə qalmadığı vurğulanıb.
Şəhidin cənazəsi Kiçik Dəhnə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub.
Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin ailəsinə təqdim edilib.
Sonda şəhidin xatirəsinə yaylım atəşı açılıb.