Şəhid Nail Abbaslı Oğuzda dəfn edilib
Oğuz, 14 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, kiçik çavuş, 1997-ci il təvəllüdlü Abbaslı Nail Adil oğlu sentyabrın 14-də doğulduğu Oğuz rayonunun Qarabaldır kəndində torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin dəfn mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbər və əməkdaşları, şəhidin doğmaları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını bildiriblər.
Tabut üzərinə örtülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin ailəsinə təqdim edilib.