Sədərəkdə suvarma kanalları təmizlənir
Sədərək, 5 aprel, AZƏRTAC
Muxtar respublikanın digər rayonlarında olduğu kimi, Sədərəkdə də rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən su kanallarında təmizləmə işləri aparılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, suvarma mövsümünə hazırlıq çərçivəsində Arpaçaydan gələn beton kanalın sağ sahilində 2,7, Heydərabad - “Şir arxı” kollektorunda 0,6, beton kanallarda və kənddaxili ara arxlarda 2,5 kilometr məsafədə təmizləmə işləri görülüb.
Dəmirçi kəndi ərazisində yerləşən drenaj kanalının 1,9 kilometr hissəsi təmizlənərək hazır vəziyyətə gətirilib. Təmizləmə zamanı kanallardan çıxan lil və qalıntılar əvvəldən təyin edilmiş sahəyə daşınıb. Görülən işlər əkin sahələrinin vaxtlı-vaxtında suvarılmasına şərait yaradır.
Qeyd edək ki, bu il fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə hidrotexniki qurğulara baxış keçirilməsi, anbarlarda su ehtiyatının yaradılması, kanal və arxların, kollektor və drenaj şəbəkələrinin lildən təmizlənməsi, yerli icra hakimiyyətləri ilə birlikdə suvarma mövsümünə hazırlıq işlərinin sürətləndirilməsi, su bölgüsü və sudan qənaətlə istifadənin diqqət mərkəzində saxlanılması tapşırılıb. Sədərəkdə həyata keçirilən bu tədbirlər də verilən tapşırıqların icrası istiqamətində görülən işlərin tərkib hissəsidir.