Şamaxıda kitab sərgi-yarmarkası keçirilib
Şamaxı, 20 sentyabr, AZƏRTAC
Şamaxıdakı Heydər Əliyev adına parkda rayon icra hakimiyyəti və “TEAS Press” Nəşriyyat Evi tərəfindən Vətən müharibəsində möhtəşəm qələbəmizə həsr edilən, Qarabağın tarixini və ordumuzun keçdiyi şanlı döyüş yolunu əks etdirən kitabların sərgi-yarmarkası təşkil olunub. Tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatı Tamam Cəfərova, yazıçılar, kitabsevərlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən sərgi-yarmarkaya dünya klassiklərinin və uşaq ədəbiyyatının nümunələri də daxil olmaqla, ümumilikdə, 104 adda 1300-ə yaxın kitab çıxarılıb.
Sərgi çərçivəsində Azərbaycan ədəbi mühitinin sevilən yazıçıları Reyhan Yusifqızı, Zahid Xəlil və Elxan Elatlı ilə imza saatları təşkil olunub. Yazıçılar kitab sərgi-yarmarkalarının və ədəbi görüşlərin tez-tez keçirilməsinə hər zaman ehtiyac olduğunu diqqətə çatdırıblar.
Qeyd edək ki, kitab sərgi-yarmarkasının keçirilməsində əsas məqsəd xalqımızın tarixinə hər zaman iftixarla öyünəcəyimiz qəhrəmanlıq salnaməsi yazan səhidlərimizin xatirəsini əbədi yaşatmaqla yanaşı, cəmiyyətdə kitaba olan marağın artırılması və mütaliə mədəniyyətinin təbliğidir.