Sağlam gənclik - sağlam gələcəkdir
Bərdə, 19 dekabr (AZƏRTAC). Aran Humanitar Regional İnkişaf İctimai Birliyi (AHRİİB) Böyük Britaniyanın Oksfam Beynəlxalq Humanitar Təşkilatının, Avropa Şurasının və Midikor Fondunun dəstəyi ilə Bərdə şəhərində “Sağlam gənclik - sağlam gələcəkdir” şüarı altında regional səhiyyə festivalı keçirmişdir.
AZƏRTAC xəbər verir ki, şəhər mədəniyyət evində keçirilmiş festival “Məsuliyyətli yerli inzibatçılıq vasitəsilə sağlam icmaların inkişafı” layihəsi çərçivəsində reallaşmışdır.
Festivalda layihənin həyata keçirildiyi Bərdə, Tərtər, Oğuz, Goranboy və Yevlax rayonlarının 49 icması üzrə 500-ə yaxın məktəbli, tibb işçiləri, müəllimlər iştirak etmişlər. Festivalda məktəblilərin bacarıqları üç nominasiya (şeir müsabiqəsi, istedadlı uşaqların üzə çıxarılması, viktorina) üzrə qiymətləndirilmiş və qaliblərə qiymətli hədiyyələr, 250 şagirdə xatirə hədiyyələri, 160 şagirdə isə sertifikatlar verilmişdir.
Tədbiri açan Aran HRİİB-in icraçı direktoru Rauf Əliyev bildirmişdir ki, festivalın məqsədi istedadların üzə çıxarılması, gənclərin ilkin tibbi biliklər, o cümlədən sağlam yaşamaq, təhlükəsiz qida və digər səhiyyə mövzularında biliklərini artırmaq və onların öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşmalarına kömək etməkdir.
Bərdə Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Aydın Qasımov bu tip tədbirlərin gənclərin intellektual biliklərinin artırılmasına böyük töhfə verdiyini, həmçinin ölkədə həyata keçirilən inkişaf proqramlarına yardımçı olduğunu vurğulamışdır.
Avropa Komissiyası, Medikor Fondu və Böyük Britaniyanın Oksfam Beynəlxalq Humanitar Təşkilatının maliyyə dəstəyi ilə Aran HRİİB-in həyata keçirdiyi “Məsuliyyətli yerli inzibatçılıq vasitəsilə sağlam icmaların inkişafı” layihəsi Bərdə, Tərtər, Goranboy, Yevlax və Oğuz rayonlarında 49 icmada icra olunur.
Layihə çərçivəsində əməkdaşlığa cəlb olunmuş icmalarda ilkin səhiyyə xidmətini gücləndirmək məqsədi ilə tibb müəssisələrinin dərman, ləvazimat və avadanlıqla təminatı, onların texniki bazasının yaxşılaşdırılması, tibb personalının təlimatlandırılması və ehtiyac duyulduğu hallarda icma tibb müəssisəsinin təmir, tikinti və su- sanitariya işlərinin icrası nəzərdə tutulmuşdur. Eyni zamanda, əhaliyə pulsuz və keyfiyyətli tibbi xidmətin göstərilməsinə dəstək vermək məqsədi ilə peşəkar mütəxəssislərdən ibarət həkim briqadasının səfərləri təşkil edilir, ərazidə fəaliyyət göstərən orta məktəblərin yuxarı sinif şagirdləri və icma əhalisi üçün müxtəlif mövzularda səhiyyə maarifləndirilməsi tədbirləri həyata keçirilir.