Qubada yeni tibb məntəqəsi istifadəyə verilib
Quba, 26 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 26-da Quba rayonunun Talabıqışlaq kəndində yeni inşa olunan tibb məntəqəsi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində tikilən tibb məntəqəsi ginekoloji, təcili tibbi yardım, vaksinasiya və müalicə otaqlarından ibarətdir.
Tibb məntəqəsinin açılış mərasimində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavinləri Anar İsrafilov və Araz Nəsirov, Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi, Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, tibb məntəqəsi Talabıqışlaqla yanaşı, ətrafdakı daha 8 kəndin (Xaruşa, Talabı, Küçeyi, Cağacuq, Toxmar, Aspərəsti, Qorxmazoba, Mirzəqışlaq kəndləri) sakinlərinə xidmət göstərəcək. Yaxın gələcəkdə Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən bu tibb məntəqəsinə 2 həkim, 4 tibb bacısı, mama-ginekoloq və 2 xadimə ştatının təyin edilməsi və əhaliyə xidmət göstərməsi nəzərdə tutulur.