Qubada bayram yarmarkası açılıb
Quba, 27 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qubada açılan bayram satış yarmarkasından həm alıcılar, həm də satıcılar razılıq edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 27-dən Quba şəhərinin mərkəzi meydanında təşkil olunan yarmarkada ərzaq və kənd təsərrüfatı malları sakinlərə bazardakı qiymətdən 15-20 faiz ucuz təklif olunur.
Yarmarkada fermerlər və rayondakı istehsal müəssisələri tərəfindən alıcılara 50 tona yaxın müxtəlif çeşiddə məhsullar təqdim edilir.
Bayram ərəfəsində təşkil olunan yarmarkaların məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunan yarmarka iki gün davam edəcək.