Qubada bayram konserti təşkil olunub
Quba, 16 mart, Elxan Yusifli, AZƏRTAC
Qubada İlaxır çərşənbə münasibətilə bayram konserti təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdən əvvəl Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin qarşısında bayram tonqalı alovlandırılıb. Bahar qızı, milli geyimli gənclər, Kosa və Keçəl tonqal ətrafında rəqs ediblər.
Tədbir iştirakçıları Mərkəzin foyesində bayram xonçalarından, milli geyimlərdən, kənd təsərrüfatı və sənaye məhsullarından, həmçinin əl işlərindən ibarət sərgi ilə tanış olub, yerli folklor qruplarının çıxışlarını izləyiblər.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bayram tədbirində çıxış edərək Novruzun gəlişi münasibətilə rayon sakinlərini təbrik edib, xalqımıza xoş günlər, firavan həyat arzulayıb.
Respublikamızın tanınmış müğənni və aktyorlarının təqdim etdiyi bayram konserti alqışlarla qarşılanıb.