QLOBAL İSTİLƏŞMƏ 4,5 MİLYON UŞAĞI ÖLDÜRƏ BİLƏR
Bakı, 18 sentyabr (AZƏRTAC). Əgər varlı ölkələr qlobal istiləşmə ilə mübarizədə yoxsullara vəsait ayırmasalar, ən azı 4,5 milyon uşaq ölə bilər. Xarici KİV-lərin məlumatına görə, Böyük Britaniyanın Oxfam Xeyriyyə Cəmiyyətinin bəyanatında belə xəbərdarlıq edilmişdir.
Məruzədə deyilir ki, təşkilat sənaye cəhətdən inkişaf etmiş ölkələrin iqlim dəyişiklikləri ilə mübarizədə yoxsul ölkələrə iqtisadi inkişaf və yardım məqsədi ilə fondlardan ayrılmış vəsaitdən istifadə edəcəklərindən narahatdır.
Dünya liderləri qlobal istiləşməyə səbəb olan havaya atılan istixana qazlarının miqdarının azaldılması barədə yeni saziş üzrə danışıqlar aparmaq məqsədi ilə bu ilin dekabrında Danimarkanın paytaxtı Kopenhagenə toplaşacaqlar.
Dekabrın 7-dən 18-dək keçiriləcək forumda müzakirə olunacaq əsas məsələlər yoxsul ölkələr üçün ekoloji istiqamətli iqtisadiyyatın işlənib hazırlanması və qlobal istiləşmənin nəticələrinə uyğunlaşmaqda kömək göstərilməsidir.
Oxfam Xeyriyyə Təşkilatının məruzəsində xəbərdarlıq edilir ki, həmin vəsaitlər iqlim dəyişiklikləri ilə mübarizə sahəsinə yönəldilsə, məktəblərə lazım olduğundan 75 milyon az uşaq gedəcək, 8,6 milyon az insan isə QİÇS-dən müalicə olunmaq imkanına malik olacaqdır. Məruzə Danimarkanın paytaxtındakı müşavirəyə hazırlıq məqsədi daşıyan sentyabrın 22-də Nyu-Yorkda keçiriləcək zirvə toplantısı ərəfəsində təqdim edilmişdir.