“Qış liderlik məktəbi” başa çatıb
Naxçıvan, 25 fevral, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının gənc fəalları üçün “Qış liderlik məktəbi” layihə çərçivəsində təşkil edilən üçgünlük düşərgə başa çatıb. Muxtar respublikanın Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilən düşərgədə partiyanın müxtəlif sahələrdə fəaliyyət göstərən 34 gənc üzvü iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, layihə çərçivəsində gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov tərəfindən “Gənclər və idman siyasətinin əsas istiqamətləri”, “Azərbaycanda gənclər siyasəti: mahiyyəti və inkişaf istiqamətləri”, “Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasətinin Heydər Əliyev modeli” mövzularında gənclərlə müzakirələr təşkil olunub.
Düşərgədə Bakı şəhərindən dəvət olunmuş təlimçi Fəxri Məhəmmədzadə tərəfindən “Effektiv komanda işi”, “Liderlik və təsirli ünsiyyət”, “Məntiqli düşünmə sənəti”, “Zamanın idarə olunması” adlı təlimlər, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayevin təqdimatında “Ulu öndər Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda seminar, təlimçi-psixoloq Əsmər Səfərova tərəfindən motivasiya təlimi keçirilib. Komanda quruculuğu oyunları və intellektual yarışmalar, eləcə də “Poeziya saatı” təşkil olunub. İştirakçılar “Prezident. Təkrarsız diplomatiya” sənədli filmini də izləyiblər.
Fərqlənən və fəallıq göstərən iştirakçılara sertifikat təqdim olunub.