Qəbələdə şəhid Rüstəm Atakişiyevin xatirəsi anılıb
Qəbələ, 24 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan Qəbələnin igid oğullarından biri də rayonun Tüntül kəndindən olan Rüstəm Atakişiyevdir.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhidin doğum günü ilə əlaqədar dekabrın 24-də icra hakimiyyətinin, rayon təhsil şöbəsinin rəhbər işçiləri, şəhidin təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri Rüstəm Atakişiyevin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, Rüstəmin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, döyüşlərdə göstərdiyi igidliyə görə şəhid Rüstəm Atakişiyev ölümündən sonra 7 orden və medalla - “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə”, “Cəsur döyüşçü”, həmçinin Xocavəndin, Kəlbəcərin, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.