Qaxda bayram tədbiri keçirilmişdir
Qax, 29 dekabr (AZƏRTAC). 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə dekabrın 29-da Qax şəhərində ümumrayon tədbiri keçirilmişdir.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Tədbir bayramsayağı bəzədilmiş mərkəzi meydanda keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik etmiş, onlara xoş arzularını bildirmişdir. 2010-cu ilin Azərbaycan xalqı üçün çox uğurlu keçdiyini diqqətə çatdıran natiq ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublikamızın, eləcə də Qax rayonunun sosial-iqtisadi və mədəni həyatında böyük dəyişikliklərin baş verdiyini, əhalinin sosial-rifahının daha da yaxşılaşdığını bildirmişdir.
Bir neçə saat davam edən bayram şənliyində rayon mədəniyyət evinin, incəsənət məktəbinin, Qax Dövlət Kukla Teatrının, ayrı-ayrı kənd mədəniyyət evlərinin bədii özfəaliyyət və rəqs kollektivləri, habelə paytaxtdan gəlmiş tanınmış müğənnilər rəngarəng konsert proqramı ilə çıxış etmiş, gənc idmançılar əlbəyaxa döyüş növləri üzrə öz məharətlərini göstərmişlər.
Tədbir boyu Şaxta baba və Qar qız öz dadlı-duzlu zarafatları ilə şənlik iştirakçılarında xoş ovqat yaratmışlar.
######
