QARDAŞLAR 53 İLLİK AYRILIQDAN SONRA GÖRÜŞMÜŞLƏR
“Mən təsadüfən ona baxarkən atamın doğma sifətini gördüm. Onun doğma qardaşım olduğunu anladım, yaxınlaşıb qucaqlayaraq dedim ki, sən mənim qardaşımsan”. Bunu 70 yaşlı Mario Silva yerli qəzetlərin müxbirlərinə verdiyi müsahibəsində demişdir.
81 yaşlı böyük qardaş Fransisko isə həmin görüşdə keçirdiyi hissləri belə ifadə etmişdir. “Mənim boğazım qurumuşdu. Danışmaq istəyirdim, amma nədənsə, dinə bilmirdim”.
Mario böyük qardaşını sonuncu dəfə o, Argentinaya getməzdən əvvəl, 1951-ci ildə görmüşdü. Ondan 21 il sonra isə Mario özü Avstraliyaya köçmüşdü.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Portuqaliya hökumətinin mühacirlərin ölkəyə maneəsiz gəlmələrinə icazə verilməsi barədə qərarı bu iki qardaşın da uzun ayrılıqdan sonra vətənə baş çəkmələrinə imkan yaratmışdır. Onlar Portuqaliyada qalmış digər qardaşlarını tapmaq ümidi ilə boya-başa çatdıqları Aldarv şəhərinə gedəcəklər.