QABROVOLULAR ƏNƏNƏLƏRİNƏ SADİQDİRLƏR
Aprelin 1-də yalan danışmaq adəti qədimdən qalmışdır. Bu ənənənin əsasını 1446-cı ildə Burqundiya hersoqu Filipp və onun təlxəyi qoymuşlar. Yalnız 1970-ci ildə Beynəlxalq Radio və Televiziya Təşkilatı aprelin 1-ni Beynəlxalq yumor və zarafat günü elan etmişdir.
Qabrovoda tarixin mühüm səhifələri bu günlə bağlıdır. Məsələn, 1972-ci il aprelin 1-də burada şəhərin özünəməxsus vizit kartına çevrilmiş Yumor və Satira evi açılmış, 1980-ci ildən isə YUNESKO-nun himayəsi ilə şəhər bədii əsərlərin saxlanması və yumoristik informasiyanın yayılması üzrə ümumdünya mərkəzinə çevrilmişdir. Yerli ixtisaslaşdırılmış kitabxanada 10 minlərlə yumoristik kitab var. Burada beynəlxalq karikatura və satirik plastika sərgiləri, kinokomediyalara və cizgi filmlərinə baxışlar keçirilir.
1976-cı il aprelin 1-də Krım astrofizika rəsədxanasının astronomu Nikolay Çornıx kəşf etdiyi kiçik planetə Qabrovonun adını vermişdir. Şəhər sakinləri burada da zarafatdan qalmayıb, bu planeti “hər ehtimala qarşı, ehtiyat meydançası” adlandırmışlar.
Hazırcavab və fərasətli qabrovolular deyirlər ki, “dünyada nə barədəsə danışmağa başlayanda, Qabrovoda bu, artıq həyata keçirilir”. Qabrovolular barədə əfsanələr yaranır. Onların quyruqsuz pişikləri (istiyə qənaət etmək üçün) şəhərin rəmzinə çevrilmiş, minlərlə lətifələri isə 23 dilə tərcümə olunmuşdur.
“Dünyanı gülüş xilas edəcək!” devizi qabrovolulara gələcəyə nikbinliklə baxmağa kömək edir.