Paytaxtda daha bir avtobus zolağı çəkilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Paytaxtda müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalarda səmərəliliyinin artırılması və gündəlik ictimai nəqliyyatdan istifadə edən 1,5 milyon sərnişinin rahatlığının təmin olunması üçün tədbirlər davam etdirilir. Şəhər mobilliyi prinsipləri əsas götürülməklə 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti-M.Hadi küçəsi-Q.Qarayev prospekti-Z.Bünyadov prospekti-Moskva prospekti-Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlanılır.
AZƏRTAC xəbər verir ki, qeyd edilən küçə və prospektlərin hər biri ictimai nəqliyyat üçün əsas hərəkət dəhlizi hesab olunur. Gündəlik olaraq bu dəhlizdən 70 müntəzəm marşrut xətti üzrə mindən artıq avtobusla 830 min nəfərdən çox sərnişin daşınır. Dəhliz boyunca avtobusların maneəsiz və rahat hərəkəti təmin ediləcəyi halda avtobusların orta istismar sürətinin pik saatlarda 10 kilometr/saatdan 21 kilometr/saata qalxacağı proqnozlaşdırılır. Sərnişinlərin səfər müddətinin isə pik saatlarda 46 dəqiqədən 22 dəqiqəyə enəcəyi ehtimal edilir.
Avtobusların hərəkət cədvəllərində stabilliyin təmin olunması ictimai nəqliyyatdan istifadəni stimullaşdıracaq, əhalinin mobillik imkanları və ictimai nəqliyyata olan inamı artacaq ki, bu da öz növbəsində qanunsuz sərnişindaşıma halları və şəxsi nəqliyyat vasitələrindən istifadənin azalması baxımından əhəmiyyətlidir. Zolaqların təşkili ekoloji mühitin yaxşılaşdırılmasına da müsbət təsir göstərəcək. Belə ki, gündəlik təqribən 4000 kiloqramdan artıq zərərli qazın (CO2) ətraf mühitə buraxılmasının qarşısını almaq mümkün olacaq.
Zolaqların təşkili ilə ümumi istifadədə olan nəqliyyat vasitələri ilə yanaşı, operativ nəqliyyat vasitələrinin də həmin zolaqlarla maneəsiz hərəkəti təmin olunacaq ki, bu, həyati vacib sahələrə müsbət təsir göstərəcək. Layihənin uğurlu olması və avtobus zolaqlarının marşrutların fəaliyyətinə effektiv təsirinin artırılması üçün digər nəqliyyat vasitələri sürücüləri avtobus zolağının tələbinə riayət etməlidir.