Ölkədə sosial sığorta haqlarının dərəcəsi 35 faizə çatdırılacaqdır
Bakı, 13 oktyabr (AZƏRTAC). “Sosial sığorta haqlarının dərəcələri artırılacaqdır. Bu, 35 faizə çatdırılmalıdır”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirmişdir. O vurğulamışdır ki, Azərbaycanda üçpilləli pensiya təminatı sistemi qurulur. Birinci mərhələ həmrəylik prinsipinə, nominal yığıma əsaslanır. İkinci pillə isə dövlətin nəzarəti altında olan və məcburi sığortalanmanı həyata keçirən sistemin real yatırımlarla məşğul olan hissəsidir. Bu pillə sosial sığorta haqlarının müəyyən hissəsini müxtəlif maliyyə qurumlarında, o cümlədən DSMF-də yerləşdirilməsi və gələn gəlirlər hesabına pensiyaların artırılmasını nəzərdə tutur. Hər iki mərhələdən fərqli olaraq 3-cü sistemdə təqaüdçülər könüllü şəkildə özəl pensiya fondları və onların fəaliyyətinin nəticəsində gələn gəlirlər hesabına əlavə pensiya ala biləcəklər.
DSMF sədrinin sözlərinə görə, 1-ci və 2-ci sistemin normal fəaliyyət göstərməsi üçün sosial sığorta haqlarının artırılması vacib məsələdir. Bu, həm də əhalinin pensiyasının artımına səbəb olacaqdır. Əmək haqları leqallaşdırılmalıdır, dərəcələr artırılmalıdır, gəlirlər əldə olunmalıdır ki, pensiyalar artırılsın. Hazırda Azərbaycanda sosial sığorta haqlarının dərəcəsi 25 faizdir. Bunun 22 faizi işəgötürən təşkilat, 3 faizini isə işçi ödəyir.
S.Müslümov onu da bildirmişdir ki, hazırda Azərbaycanda muzdlu işçi kimi sosial sığorta haqqı ödəyənlərin sayı 1 milyon 360 min, pensiyaçıların sayı 1 milyon 300 min nəfərdir.