OĞURLUQ ÜSTÜNDƏ YAXALANMIŞALR
Bakı, 16 fevral (AZƏRTAC). Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, 90 nömrəli xətt avtobusunda Bakı şəhər sakini Məhərrəm Qurbanovun cibindən mobil telefon oğurlanmışdır.
Oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ədalət Həsənov və Məmməd Məmmədov Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar.
Nizami rayonunun Q.Qarayev prospektində Bakıxanov qəsəbəsinin sakini Saydın Əliyevə məxsus mebel mağazasından oğurluğa cəhd göstərilmiş, Babək prospektində isə Bakı şəhər sakini Şəfayət Məmmədova məxsus “VAZ-2107” markalı avtomaşından sürücünün şəxsi sənədləri oğurlanmışdır. Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinin əməkdaşları hadisələri törətməkdə şübhəli bilinən Balaxanı qəsəbəsinin sakini Ələsgər Həsənovu yaxalamışlar.
Bu bölmənin əməkdaşları tərəfindən 2009-cu ilin dekabr ayında S.Əliyevanın və R.Əhmədovun evlərindən oğurluq etməkdə şübhəli bilinən Bakıxanov qəsəbəsinin sakinləri Əli Məhərrəmov, Kərim Səfərov və Əliyəddin Əliyev tutularaq, cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Fevralın 7-nə keçən gecə Suraxanı rayonunun Əmircan qəsəbəsində yerli sakin Məmməd Mirfətəliyevə məxsus “VAZ-21093” markalı avtomaşından maqnitofon oğurlanmışdır. Hadisəni törətməkdə şübhəli bilinən Əmircan qəsəbəsinin sakini Zaur Səfərov Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. Əməliyyat tədbirləri nəticəsində onun fevralın 14-də R.Feyzullayevə məxsus avtomaşından oğurluq etməsi müəyyən edilmişdir.
Fevralın 9-da E.İsmayılova məxsus avtomaşından və R.Məhərrəmovun evindən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Elşən Məmmədov Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, cinayət məsuliyyətinə cəlb olunmuşdur.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsinin əməkdaşları oğurluq etdiyinə görə tutulmuş Səbuhi Şahverdiyevin Bakı şəhər sakinləri Zamir Misirxanovun və Təranə Ağayevanın evlərindən də oğurluq etməsini müəyyən etmişlər.