Oğurluq hadisələrinin üstü açılmışdır
Bakı, 21 iyun (AZƏRTAC). Xəbər verildiyi kimi, mayın 22-də Tofiq Məmmədzadəyə məxsus stomatoloji emalatxanada oğurluq hadisəsi baş vermişdir. Hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Cabir Musayev Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 20-də tutulmuşdur.
Ətrafında aparılmış əlavə tədbirlər zamanı onun iyunun 2-də şəhər sakini Ramin Məmmədovu qayçı ilə hədələyərək mobil telefonunu alması da müəyyən edilmişdir.
İyunun 20-də Beyləqan rayonunun Təzəkənd kənd sakini Novruz Əhmədovun evindən dəyəri 36 min manat olan dəmir seyf və mobil telefon oğurlanmışdır.
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun rayon sakini Orxan Səfəralıyev tərəfindən törədilməsi müəyyən edilmişdir.
İyunun 17-də oğurluq etdiyinə görə Etibar Nemətov Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyunun 20-də yaxalanmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2001-ci il noyabrın 22-də rayon elektrik şəbəkəsinə məxsus Qarğalıq və Kürdəbaz kəndlərini elektrik enerjisi ilə təchiz edən naqilin 1200 metrlik hissəsini oğurlaması da müəyyən edilmişdir.
İyunun 19-da İlham İbrahimova məxsus mağazadan 180 manat və tütün məmulatları oğurlanmışdır.
Oğurluq etmiş Yevlax şəhər sakini Mahmud Nadirov Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla əlaqədar cinayət işi açılmışdır.