Oğrunun digər cinayətləri də üzə çıxmışdır
Bakı, 25 iyun (AZƏRTAC). İmişli rayon sakini Sadiq Hümbətov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, o, iyunun 23-də Cavadxan küçəsində Seymur Umudova məxsus “Mersedes” markalı avtomobildən gün eynəyi oğurlamaqda təqsirli bilinir.
Aparılmış əməliyyat tədbirləri nəticəsində S.Hümbətovun iyunun 18-də H.Əliyev küçəsində İman Əliyevə məxsus “Volksvagen Golf”, Elçin Faruhova məxsus “Mersedes” markalı avtomobillərdən oğurluğa cəhd etməsi, elə həmin gün R.Məmmədov küçəsində Saleh Quliyevə məxsus “Opel” markalı avtomobildən 110 manat oğurlaması, A.Məhərrəmov küçəsində Oqtay Fərəcova məxsus “Mersedes” markalı avtomobilin isə şüşəsini sındırması və arxa dövlət nömrə nişanını oğurlaması məlum olmuşdur. Həmçinin iyunun 21-də R.Məmmədov küçəsində Eynulla Sadıqova məxsus “Volksvagen Jetta”, 20 Yanvar küçəsində Mariya İsmayılova məxsus “Hyundai” markalı avtomobillərdən oğurluğa cəhd etmiş, R.Məmmədov küçəsində Vüqar Ağayevə və 20 Yanvar küçəsində Xalid Məmmədova məxsus “Mersedes” markalı avtomobillərdən 2 ədəd mobil telefon oğurlamışdır.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsinin əməkdaşları isə paytaxt sakini İntiqam Məmmədovu yaxalamışlar. İ.Məmmədov iyunun 12-də Sabunçu qəsəbə sakini Elmira Əliyevaya məxsus mağazadan 580 manat, tütün məmulatları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinir.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.