Oğrular yaxalanmışlar
Bakı, 27 yanvar (AZƏRTAC). Pirallahı adasının yaxınlığında Xəzər dənizindəki platformanı elektrik enerjisi ilə təmin edən naqilləri kəsərək oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Yunis İbişov, oğlanları Rəsul və Şahin Nəqliyyatda Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 3-cü bölməsi əməkdaşları tərəfindən yaxalanmışlar. Onlara məxsus mühərrikli qayıqda 150 metr elektrik naqili və naqil kəsmək üçün alətlər aşkar edilərək götürülmüşdür.
Z.Bünyadov prospektində paytaxt sakini Emin Mahmudova məxsus mağazadan elektrik naqilini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Mirzəyev Nərimanov Rayon Polis İdarəsinin 17-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Telman Əsədov, Maliki Dadaşov və Seyran Cahangirov oğurluq etdiklərinə görə Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların yanvarın 18-də Bülbülə qəsəbəsinin sakini Süleyman Məmmədova məxsus mağazadan ərzaq məhsullarını oğurlamaları da müəyyən edilmişdir.