OĞRULAR YAXALANMIŞLAR
Bakı, 6 avqust (AZƏRTAC). Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, avqustun 4-də Akkord ASC-dən oğurluq etmiş Pirşağı qəsəbə sakinləri Malik Yusifov, Məmmədəli Məmmədov və qardaşı Rasim Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar.
Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Afiq Abbasov şübhəli şəxs qismində Sumqayıt Şəhər Polis İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin 24-cü bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılmışdır. Araşdırmalar zamanı A.Abbasovun metronun “Neftçilər” stansiyasının yaxınlığında Bakı şəhər sakini Kristina Heydərovanın mobil telefonunu oğurlaması müəyyən edilmişdir.
Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində, Bakı şəhər sakini Elşən Əliyevə məxsus yeni tikilən evdən tikinti materialları oğurlanmışdır. Faktla əlaqədar polisə ərizə ilə müraciət daxil olmuşdur. Oğurluğu törətmiş Qaraçuxur qəsəbə sakini Şahin Qasımov Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Pirallahı qəsəbə sakini İqbal Xasıyevə məxsus “Mercedes” markalı avtomaşından 1 ədəd mobil telefon oğurlamış Qazaxıstan vətəndaşı, əvvəllər məhkum olunmuş Oleq Tülenyev Əzizbəyov Rayon Polis İdarəsinin 3-cü bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Faktlarla bağlı araşdırmalar aparılır.