Oğrular məsuliyyətə cəlb olunmuşlar
Bakı, 4 may (AZƏRTAC). Mayın 2-də Məcid Əliyevə məxsus mağazadan 4 ədəd avtomobil təkəri oğurlanmışdır.
Kəpəz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Müşfiq Bayramov tutulmuşdur.
Aprelin 19-da Udulu kəndi ərazisindəki süni gölün sahilindən kənd sakini Mirzə Zeynalova və Qarasu kənd sakini Qulu Rüstəmova məxsus 1 rezin qayıq və 75 metr uzunluğunda tor oğurlanmışdır.
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini Eyvaz Qarayev saxlanılmışdır.
Fevralın 7-də Hacıqabul şəhərinin ərazisindəki qəbiristanlıqdakı daş sexindən şəhər sakini Ağasadıq Süleymanova məxsus 800 manat dəyərində mərmər daşları oğurlanmışdır.
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İlqar Məmmədov yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hər üç faktla bağlı cinayət işi açılmış, araşdırma aparılır.