Oğrular məsuliyyətə cəlb olunmuşlar
Bakı, 14 yanvar (AZƏRTAC). S.Məmmədova məxsus zirzəmidən oğurluq etməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Çingiz Dadaşov və Kürdəmir rayon sakini Şəhadət Teymurov Suraxanı Rayon Polis İdarəsinin 33-cü bölməsi əməkdaşları tərəfindən saxlanılmışlar.
Gəncə şəhər sakini Vüsal Əlizadəyə məxsus mağazadan geyim əşyaları oğurlanmışdır. Nizami (Gəncə) Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Zaur Qəhrəmanov tutulmuşdur.
Yanvarın 11-də Çingiz Əliyevin evindən oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Həsən Həsənov, Anar Quliyev və Rahib Kərimov Kəpəz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunmuşlar.
İzmir küçəsində Rövşən Cəbrayılova məxsus mağazadan oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri Ramin Nəsibov və Asif Muradovu Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinin əməkdaşları yaxalamışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.