Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 21 yanvar (AZƏRTAC). Tatyana Çernovaya məxsus bağ evindən 13 qapı, 1 televizor, 3 mühərrik, 4 avtomobil təkəri, geyim, ev və məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Abdullayev Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Paytaxtın K.Rəhimov küçəsindəki İdman Sağlamlıq Kompleksində işləyən Nərgiz Məmmədovanın mobil telefonunu oğurlamaqda şübhəli Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Sultanov və Röyal Hacıyev Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar. C.Sultanovdan 0,254 qram, R.Hacıyevdən isə 0,222 qram heroin götürülmüşdür.
Oğurluq etdiyinə görə Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılmış Seymur Mirzəyevin 2009-cu il noyabrın 25-də Buzovna qəsəbəsinin sakini Mustafa Səlimovun evindən qızıl əşyalarını oğurlaması da müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.