Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 18 yanvar (AZƏRTAC). Metronun “Neftçilər” stansiyasının keçidində Zirə qəsəbə sakini Vüsalə Cəlilovaya məxsus içərisində sənəd və 124 manat pul olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahir Xəlilov Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Gəmi Təmiri Zavodundan, oranın işçiləri Samir İsmayılovun və Qalib İbrahimovun 540 litr dizel yanacağı oğurlayaraq paytaxt sakini Bəxtiyar Mirzəyevə satmaları Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir.
A.M.Cümə küçəsində Bakı şəhər sakini Elçin Məmmədova məxsus anbardan sənaye mallarını oğurlamaqda şübhəli bilinən həmyerlisi Ramiz Bədəlov Nərimanov Rayon Polis İdarəsinin 17-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Nərimanov rayonu Ə.Ağaoğlu küçəsində Bakı şəhər sakini Əmir Alışova məxsus mağazadan 24 ədəd danışıq kartı və 80 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi Mehman Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmişdir. M.Kərimovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, 2010-cu ilin dekabr ayının 21-də F.X.Xoyski küçəsində paytaxt sakini Elşad Bayramova məxsus mağazadan 32 ədəd danışıq kartını oğurlaması da müəyyən edilmişdir.
Ə.Əmrahlının evindən oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Famil Namazov, Zeynal Bağırov, Emin Əmiri və Anar Həşimov Kəpəz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.