Oğrular məsuliyyətdən yaxa qurtara bilməyəcəklər
Bakı, 9 fevral (AZƏRTAC). Qaradağ rayonunun İ.Nəbiyev küçəsində Lökbatan qəsəbə sakini Zəfər Əsədova məxsus mağazadan 20 manat pul, danışıq kartları və ərzaq məhsulları oğurlanmışdır. Cinayəti törətməkdə şübhəli bilinən qəsəbə sakinləri Pərviz Əliyev və Cəlal Quliyev Qaradağ Rayon Polis İdarəsinin 10-cu bölməsinin əməkdaşları tərəfindən saxlanılmışlar.
Aparılmış əməliyyat tədbirləri nəticəsində onların fevralın 7-də qəsəbə sakinləri Vahid Zeynalova məxsus mağazadan 104 manat pul oğurladıqları, Səlim Salmanova məxsus aptekdən və Akif Hacıyevə məxsus mağazadan oğurluğa cəhd göstərmələri müəyyən edilmişdir.
Cari il yanvarın 19-na keçən gecə Xətai rayonunun M.Hadi küçəsində Bakı şəhər sakini Elman Məhərrəmova məxsus şadlıq sarayından 4 televizor və 1 videokamera oğurlanmışdır.
Oğurluqda şübhəli bilinən Qusar rayon sakini Ayaz Məcidov Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla əlaqədar araşdırma aparılır.