OĞRULAR CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNACAQLAR
Bakı, 13 yanvar (AZƏRTAC). Xətai rayonunun R.Quliyev küçəsindəki binanın liftinin 50 metr uzunluğunda kabeli kəsilərək oğurlanmışdır. Hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuşlar Zaur Qədirov və Samir Müslümov Xətai Rayon Polis İdarəsinin 36-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar.
Binəqədi Rayon Polis İdarəsi 6-cı bölməsinin əməkdaşları oğurluq etdiklərinə görə tutulmuş Rəşad Ağacanovun, Adil Qədirovun və Teymur Şükürlünün 2009-cu ilin noyabr-dekabrı ərzində Mir Cəlal küçəsindəki 15, 41, 49, 89, 103, 111, 121 nömrəli binaların girişlərindəki liftlərdən mis sarğıları oğurlamalarını müəyyən etmişlər.
Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Murad Məmmədovun 2009-cu il avqustun 27-də və 29-da şəhər sakini Xəyal Şahverdiyevlə birgə Tahirəxanım Əsədovanın evindən 14 özəlləşdirmə çeki, ov tüfəngi, xəncər, habelə 2009-cu ilin avqustun 28-də Əmir Paşayevə məxsus mağazadan 200 manat pul və danışıq kartlarını oğurlamaları müəyyən edilmişdir.
Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Şahverdiyev tutulmuşdur.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.