NİGERİYADA 700-DƏK ADAM YANMIŞDIR
Nigeriya Qırmızı Xaç Cəmiyyəti bildirmişdir ki, faciə səhər tezdən, Laqos şəhərinin əhalisi sıx olan Adule-Eqba rayonunda baş vermişdir. Partlayış baş verən zaman onlarca adam əllərində kanistrlərlə boru kəmərinin zədələnmiş hissəsinə tərəf gedirdi. Onlar buradan axan nefti şəxsi istehlak üçün götürməyə axışırdılar.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi bildirmişdir ki, məhkəmə təqibindən can qurtarmaq üçün meyitlərin çoxunu gizlədirlər.
Nigeriya Afrikada ən çox neft hasil edən ölkədir. Neft kəmərlərində əksər hallarda böyük miqdarda insan tələfatına səbəb olan partlayışlar “qara qızıl”la zəngin, amma yoxsul Nigeriyada, xüsusən, son 10 ildə tez-tez baş verir. 1998-ci ilin oktyabrında Cessedə boru kəmərinin partlaması nəticəsində 1082 nəfər həlak olmuş və yüzdən çox adam yaralanmışdı. 2000-ci ilin iyulunda yenə orada partlayış nəticəsində daha 300 adam ölmüşdü. Bu ilin mayında isə Laqosda boru kəmərinin partlaması nəticəsində 150-dən çox adam həlak olmuşdu.