NEONASİSTLƏRİN UYDURMALARI
Bəzi neonasistlər iddia edirlər ki, Hitlerin özünü öldürməsi xəbəri yalandır, onu Antarktidaya aparmağa macal tapmışlar. Digərlərinin sözlərinə görə isə, oraya fürerin cəsədini aparıblar. AZƏRTAC Kembric Universitetinin (Böyük Britaniya) “Polar Record” jurnalına istinadla xəbər verir ki, nasistlər Almaniyadan qaçan füreri qəbul etmək üçün cənub qitəsinin buzları arasında yeraltı qalalar yaratmışlar. Müharibədən sonra isə orada əsrarəngiz uçan aparatlar sınaqdan çıxarılmış, raket qurğuları isə döyüşə hazır vəziyyətdə olmuşdur.
Tarixçilər bu maraqlı nəzəriyyənin hansı faktlara əsaslandığına aydınlıq gətirirlər.
1938-ci ildə almanların hərbi gəmiləri Antarktidaya müntəzəm reyslərə başlayır. Nasist rəhbərliyinin inandığı elmi nəzəriyyəyə görə, Yerin içi oyuq şəklindədir, Antarktida rayonunda isə bu ucsuz-bucaqsız sahələrə girişlər var. Fürerin şəxsi göstərişinə əsasən, 1940-cı ildən Modalar Kraliçası Torpağında, Ueddell dənizinin şərqində, Antarktidanın 20 dərəcə qərb və 44 dərəcə şərq uzunluq dairələri arasında yerləşən geniş sahəsində iki sığınacaq tikilməyə başlanılmışdır.
Müharibənin sonunadək gizli komanda geniş mağaralarda guya ərzaq ehtiyatları və müstəqil həyat təminatı sistemi olan “Yeni Şvabiya” və “Yeni Berxteshaden” dayaq məntəqələri yaratmış, burada ən yeni sualtı qayıqlar, yeraltı aerodromlarda reaktiv təyyarələr saxlanılmış, nüvə döyüş başlıqlı raket qurğuları isə döyüş növbəsində dayanmışdır. Müharibədən sonra sağ qalmış nasistlər - Adolf Hitlerin, Martin Bormanın, Yeva Braunun və başqalarının yaxın adamları orada sığınacaq tapmalı, yaxud onların, ən azı, cənazələri yerləşdirilməli idi.
Lakin alimlərin dedikləri kimi, təbii ki, bütün bunlar tarixin bulanıq sularında iylənmiş balıq tutmaq həvəskarlarının fantaziyalarından başqa bir şey deyildir. Görünür, onlar bütün bunları “Hitlerin Antarktidada bazası” kitabının təsiri altında uydurmuşlar.