NATO ESTONİYANI DƏSTƏKLƏYİR
AZƏRTAC Frans Press agentliyinə istinadla xəbər verir ki, NATO rəsmi bəyanat yayaraq, Tallinndəki Xilaskar sovet döyüşçüsü abidəsinin başqa yerə köçürülməsi ilə əlaqədar Rusiya ilə münaqişədə Estoniyanı tamamilə dəstəklədiyini bildirmişdir.
Alyansın üzvləri Estoniyanın Rusiyadakı diplomatik nümayəndəliyinin təhlükəsizliyinə təhdidlə, habelə səfirliyin qarşısında “hədələmə” aksiyaları keçirilməsi ilə əlaqədar “çox narahat olduqlarını” söyləmişlər. NATO “yolverilməz hərəkətlərə dərhal son qoymağa” çağırmışdır.
Alyans Rusiya hökumətindən Diplomatik münasibətlər haqqında Vyana konvensiyası üzrə öz öhdəliklərini yerinə yetirməyə və Estoniya səfirliyinin binası ətrafında blokadanı dayandırmağı tələb etmişdir.
Bundan əvvəl NATO-nun baş katibi Yaap de Hoop Sxeffer Estoniya Prezidenti Toomas Hendrik İlves ilə telefon söhbətində bildirmişdi ki, “İkinci dünya müharibəsi abidəsinin başqa yerə köçürülməsi Estoniyanın daxili işidir”.
Xatırladaq ki, Estoniya hökumətini Avropa Komissiyası da dəstəkləyərək, Rusiyadan Vyana sazişlərinin yerinə yetirilməsini və Estoniya səfirliyinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasını tələb etmişdir. Moskvaya qarşı bu cür tələbi ABŞ hökuməti də irəli sürmüşdür.
Məlum olduğu kimi, “Bizimkilər”, “Gənc Rusiya” və “Yerlilər” gənclər hərəkatlarının fəalları artıq neçə gündür Estoniya səfirliyini mühasirədə saxlayaraq, Xilaskar döyüşçü abidəsini əvvəlki yerinə - Tallinnin Tınismyaqa meydanına qaytarmağı tələb edirlər.