Milli Qurtuluş Günü şərəf tariximizdir
Qəbələ, 14 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Şərəf tariximiz olan 15 İyun - Milli Qurtuluş Günü Qəbələ rayonunun müəssisə və təşkilatlarında, təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlərlə qeyd olunur. Keçirilən tədbirlərdə bu günün böyük ictimai-siyasi və tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən geniş bəhs edilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilən “Qurtuluşdan Zəfərə” adlı dəyirmi masada çıxış edənlər 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük tarixi əhəmiyyətə malik gün olduğunu bildirib, bu tarixi yaradan ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynadığını vurğulyıblar.
Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş etdirilib.
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə də 1993-cü il 15 iyun tarixinin əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunub saxlanmasındakı misilsiz xidmətlərindən ətraflı bəhs olunub. Qəbələ şəhər 1 və 2 saylı tam orta məktəblərin şagirdlərinin iştirak etdiyi tədbirin sonunda Mərkəzin qeydiyyatında olan uşaqlar vətənpərvərlik mövzusunda şeirlər, mahnılar ifa ediblər.