Milli qəhrəmanlıq salnaməsi
Bakı, 6 noyabr, AZƏRTAC
8 Noyabr Zəfəri xalqımızın qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda apardığı mübarizənin məntiqi nəticəsi olmaqla yanaşı, xalqımızın Vətən sevgisini, mübarizə əzmini və torpaqlarına bağlılığını bütün dünyaya nümayiş etdirdi. İlk öncə onu qeyd etməliyik ki, 8 Noyabr Zəfəri ilə ölkəmiz suverenliyini təmin etməklə yanaşı, xalqımızın qəhrəmanlığını dünyaya nümayiş etdirdi. Azərbaycan sübut etdi ki, xalqımız Vətənin işğal altında olan 20 faiz torpağının hər qarışı uğrunda üçrəngli Bayrağa sarılaraq canından keçməyə hazırdır. O bayraq ki, bu gün Qələbəmizin sorağını vaxtilə işğal altında olan torpaqlarımızda dalğalanaraq dünyaya çatdırır. Bu Qələbənin siyasi və hərbi rəhbərliyini üzərinə götürən Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan dövlətçilik tarixində ayrıca bir səhifə təşkil edir. Tarixdə xalqını müharibə şəraitində səfərbər edərək taleyüklü məqsədlərə aparan Mustafa Kamal Atatürk, Uinston Çörçill və digər dövlət rəhbərlərinin adı öz dövrünün hadisələri ilə bağlı xatırlanır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi isə müasir dövrdə siyasi qərarların, hərbi planlaşdırmanın, diplomatik fəaliyyətin və xalq birliyinin qarşılıqlı əlaqəsini nümayiş etdirdi. Müharibədən xeyli əvvəl ordu quruculuğuna, müdafiə sənayesinə, iqtisadi imkanların gücləndirilməsinə və beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin möhkəmləndirilməsinə yönələn siyasət sonrakı qələbənin mühüm hazırlıq dayaqlarını formalaşdırdı.
Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutu PHŞ-nin Bərk Cisim Mexanikası laboratoriyasının müdiri, fəlsəfə doktoru, dosent Emin Bağırov deyib.
Hərbi əməliyyatların gedişinə dair qərarlar və strateji hədəflər
O qeyd edib ki, Prezident İlham Əliyevin hərbi-siyasi rəhbərliyinin səciyyəvi cəhətlərindən biri müharibənin hərbi əməliyyatlarla yanaşı, diplomatik və informasiya müstəvisində də aparılması idi. O, döyüş meydanında əldə edilən nəticələrin beynəlxalq siyasi müstəvidə müdafiəsinə xüsusi diqqət yetirir, xarici jurnalistlərin suallarına verdiyi cavablarla ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırırdı. Onun müharibə günlərində nümayiş etdirdiyi siyasi mövqe, hərbi əməliyyatların gedişinə dair qərarları və strateji hədəflərə sadiqliyi Qələbənin qazanılmasında mühüm amillərdən oldu. Bu xüsusiyyətlər dünya tarixində müharibə dövründə dövlətinə rəhbərlik etmiş Atatürk və Çörçill kimi şəxsiyyətlərin fəaliyyəti ilə müqayisə üçün tarixi əsas yaradır. Əlbəttə, hər bir müharibənin öz şəraiti, öz strategiyası və öz tarixi xüsusiyyətləri var. Azərbaycanın 44 günlük müharibəsi isə müasir hərb tarixində texnologiyanın, peşəkar ordunun, düzgün siyasi qərarların və xalq birliyinin qarşılıqlı təsirini nümayiş etdirən nümunələrdən biri oldu.
Bu tarixi Qələbənin digər mühüm cəhəti Prezident İlham Əliyevin müharibə dövründə xalqla yaratdığı sıx mənəvi birlik idi. O, hər çıxışında Qələbəyə inamı gücləndirir, əsgər və zabitlərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlığı yüksək qiymətləndirir, xalqın diqqətini qarşıya qoyulan ali məqsədə yönəldirdi. Dövlətimizin başçısının siyasi qərarları ilə cəbhədə əldə olunan hərbi uğurların uzlaşdırılması müharibənin ümumi gedişində mühüm rol oynadı. Bu rəhbərlik nümunəsi bir daha göstərdi ki, tarixi qələbələr güclü ordu ilə yanaşı, uzaqgörən strategiya, dövlətçilik məsuliyyəti və xalqın birliyini tələb edir.
Şuşanın azadlığına aparan mürəkkəb hərbi yol da bu strategiyanın mühüm hissəsi idi. Dağlıq relyef, çətin keçidlər və düşmənin müdafiə mövqeləri Azərbaycan hərbçilərinin qarşısında ciddi maneələr yaradırdı. Lakin xüsusi təyinatlılarımızın göstərdiyi qəhrəmanlıq, peşəkarlıq və döyüş əzmi bu maneələri aşdı. Şuşanın azad edilməsi müharibənin gedişində həlledici hadisəyə çevrildi və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən hərbi-siyasi şəraitin yaranmasında mühüm rol oynadı.
Davamlı sülhün təmin olunması üçün yaranan reallıqlar
Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan Ordusunun döyüş qabiliyyətini, hərbçilərimizin misilsiz şücaətini və xalqımızın öz dövlətinin ətrafında sıx birləşdiyini nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində torpaqlarımız bir-birinin ardınca işğaldan azad edildi. Şuşanın azad olunması ilə Zəfər tariximizin qəhrəmanlıq səhifəsi yazıldı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri isə ölkəmizin suverenliyinin bütün ərazimizdə tam bərpasını təmin etdi.
Bu gün üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması 8 Noyabr Zəfərinin ən böyük təsdiqidir. Bu Qələbə Prezident İlham Əliyevin rəhbərliyi, ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində qazanıldı. Biz tarix qarşısında öz sözümüzü dedik, Vətənimizin hər qarış torpağı uğrunda mübarizə apardıq və qalib gəldik. Bu Zəfər xalqımızın qəhrəmanlıq tarixində əbədi yaşayacaq.
Alim sonda qeyd edib ki, dünənin və bu günün ən böyük qələbəsi kimi 8 Noyabr Zəfəri gələcək nəsillər tərəfindən daim iftixarla xatırlanacaq. Bu qələbə xalqımızın Vətən sevgisinin, sarsılmaz iradəsinin və azadlıq uğrunda mübarizəsinin tarixi ifadəsi olaraq yaddaşlarda əbədi qalacaq. 8 Noyabr Zəfəri ilə erməni faşizminin bir əsrdən artıq müddətdə bölgəni təhdid altında saxlayan, separatizm və terrorçuluq üçün zəmin yaradan siyasətinə son qoyuldu. Beləliklə, region uzun illər davam edən münaqişə və qarşıdurma girdabından çıxmaq, sülhə, sabitliyə və yeni inkişaf mərhələsinə qədəm qoymaq imkanı qazandı. Tarixi Zəfər bölgədə təhlükəsizliyin və davamlı sülhün təmin olunması üçün yeni reallıqlar yaratdı. Bu yeni reallığın müəllifi Prezident İlham Əliyev və onun rəhbərliyi ilə tarixi Qələbəyə imza atan qalib Azərbaycan Ordusudur.