“Məni göylərdə axtarın” kitabı çap olunub
Bakı, 4 may, AZƏRTAC
Publisist-jurnalist Dilarə Quliyevanın (Dilarə Rüstəm) 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımıza həsr olunmuş “Məni göylərdə axtarın” kitabı çap olunub.
AZƏRTAC xəbər verir ki, kitabda 40 şəhidin həyat hekayəti öz əksini tapıb. Müxtəlif bölgələrimizdə böyüyüb boya-başa çatan, Vətən uğrunda həlak olan şəhidlərimizin həyatından, onların qəhrəmanlığından bəhs edilən hekayələr, onların yaddaşlarda əbədi qalması üçün ən böyük heykəldir.
“Məni göylərdə axtarın” bir qəhrəmanlıq salnaməsidir. Yenicə çapdan çıxan kitabın ilk təqdimatı Sumqayıt Şəhidlər xiyabanında keçirilib. Adları 400 səhifəlik qəhrəmanlıq kitabında keçən şəhidlərin ailəsinə paylanıb. Şəhid ailələri müəllifə öz minnətdarlıqlarını bildiriblər. Kitabın daha geniş təqdimat mərasimi də Sumqayıtda keçiriləcək. Kitabın nəşrində Amerikada yaşayan həmyerlimiz Mirəhməd Qaemi dəstək olub. Amerikalı həmyerlimiz deyib ki, əgər bir kitab dərdli ananı ovundurursa, ərsəyə gəlməsində əməyi olanları alqışlayıram...
Dilarə Rüstəm şəhidlərimizi gələcək nəsillərə tanıtmaq üçün kitabın müəyyən hissəsini orta məktəblərə və şəhər kitabxanalarına təqdim edəcək. “İstəyirəm mənim qəhrəmanlarımı hamı tanısın, axı onlara lay-lay deyə-deyə, yaraşıqlı simalarını oxşaya-oxşaya yazılarımı qələmə almışam, bəzən qəhərli boğazımdan su güclə keçib... Onları balam kimi əzizləyib sevmişəm. Geniş oxucu kütləsinə onları tanıtmaq üçün hər həftə kitabdakı şəhid hekayələrini ictimaiyyətə təqdim edəcəyəm. Bilirəm ki, vətən torpaqları üçün canını qurban verənləri sizlər də tanıyıb sevəcəksiniz!”, - deyə müəllif vurğulayıb.