AZƏRTAC-ın müxbiri xəbər verir ki, ölkəmizin Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” 2004-cü il 21 avqust tarixli Sərəncamına uyğun olaraq Bakının Nərimanov rayonundakı 45 nömrəli ümumtəhsil məktəbində kompüter sinfinin açılış mərasimi olmuşdur. Rayon icra hakimiyyəti tərəfindən təzə dərs ilinin ilk günlərində məktəbə verilmiş 11 ədəd müasir kompüter dəsti şagirdlərin yeni texnologiyaya və informasiyalara yiyələnməsində mühüm rol oynayacaqdır.
Kompüter sinfinin açılış mərasimində çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı İ. Abbasov, təhsil şöbəsinin müdiri L. İmanova və başqaları yeni texnologiyaların ümumtəhsil məktəblərində tətbiqini sürətləndirməyin, təhsilin forma və məzmunca yeni pilləyə qaldırılmasının vacibliyindən danışmışlar. Sonra İ. Abbasov məktəbin rəhbərliyi ilə onların üzləşdiyi problemləri birgə təhlil etmiş və təhsilə olan qayğının bundan sonra daha da gücləndiriləcəyini bildirmişdir.