Masallılı iş adamından nəcib təşəbbüs
Masallı, 7 yanvar, Bağır Əliyev, AZƏRTAC
Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələrinin, müharibə əlillərinin maddi təminatının, həyat şəraitlərinin yaxşılaşdırılması, məşğulluq məsələlərinin həlli istiqamətində operativ tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bütün bunlarla yanaşı, bu günlərdə hər kəs, hər bir azərbaycanlı Şanlı Qələbəyə öz hədiyyəsini vermək üçün əlindən gələni əsirgəmir. Əsgərlərimizə sovqatlar göndərilir, ailələrinə kömək göstərilir.
Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin dövlətin həyata keçirdiyi tədbirlərə dəstəyinin artıq ənənə halını alması, soydaşlarımızın sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyini artırmaqla yanaşı, dövlət-vətəndaş birliyinin bariz göstəricisidir.
Xeyirxahlıq Azərbaycan xalqına məxsus olan milli dəyərlərdən, millətimizi səciyyələndirən dəyərli keyfiyyətlərdəndir.
Masallıda növbəti xeyriyyə aksiyası gerçəkləşib. Rayon icra hakimiyyətinin məsul işçiləri və aksiya iştirakçıları şəhid ailələrinə baş çəkib, Birinci Yeddioymaq kəndindən olan, Rusiya Federasiyasında sahibkarlıqla məşğul olan iş adamı Üzeyir Salayev tərəfindən rayon üzrə Vətən müharibəsi şəhidlərinin ailələrinə maddi yardım göstərilib.
Görüş zamanı qeyd olunub ki, 44 gün davam edən zəfər yürüşündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bir daha qüdrətini dünyaya sübut etdi, şəhidlərimizin qanı yerdə qalmadı. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi heç zaman unudulmayacaq.
Şəhid ailələrinin sosial vəziyyəti ilə maraqlanan ziyarətçilər onların daim dövlətin qayğısı ilə əhatə olunacağını, eyni zamanda yerli icra orqanları, xeyirxah insanlar tərəfindən bütün səylərin göstəriləcəyini diqqətə çatdırıblar.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, bütün xeyirxah insanlara minnətdarlıqlarını ifadə ediblər.