Masallıda onlayn tədbir: Zəfər müjdəli bahar
Masallı, 18 mart, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Zəfər müjdəli bahar” mövzusunda onlayn tədbir keçirilib.
Xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla keçirilən tədbirdə muzeyin əməkdaşları, rayonun Qızılavar kənd tam orta məktəbinin müəllimləri və şagirdləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva çıxışında Novruz bayramının qeyd edilmə tarixi və ənənələri, çərşənbələr və bayram günü icra olunan bir sıra unudulmuş ayin və mərasimlər barədə danışıb. Bildirilib ki, Novruz bayramının qeyd olunması xalqımız üçün əlamətdar olan mühüm tarixi günlərə təsadüf edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizin Vətən müharibəsində qazandığı tarixi Qələbə hər bir azərbaycanlının qəlbindəki Vətən nisgilini bahar təravətli nikbinlik və qürurla əvəz edib.
Bahara zəfər ovqatı qatan şəhidlərin müqəddəs ruhuna dərin ehtiram ifadə edən muzeyin direktoru, onların valideynlərini və ailə üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Ə.Tağıyeva çıxışında, həmçinin qədim zamanlarda Novruz mərasimləri zamanı istifadə olunmuş bir sıra tarixi əşyalar haqqında da məlumat verib.
Muzeyin elmi işçisi Dilguşə Məmmədova Novruz adət-ənənələrinin qorunması, gələcək nəsillərə ötürülməsi və təbliği işində gənclərin rolunun əhəmiyyətindən söz açıb. O, Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, məktəblilərə dərslərində uğurlar arzulayıb.
Onlayn tədbirdə Qızılavar kənd tam orta məktəbinin şagirdlərinin ifasında Novruz bayatıları və şeirlərdən ibarət ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbirin sonunda iştirakçılar muzeyin ekspozisiya zalında təşkil edilmiş virtual bahar sərgisi ilə tanış olublar.