“MADAM BATTERFLYAY” İRQİ OPERADIR?
AZƏRTAC Londonun “Deyli teleqraf” qəzetinə istinadla xəbər verir ki, italyan bəstəkarı Puççininin yaradıcılığı üzrə mütəxəssis, London Kral Kollecinin professoru Rocer Parker “Madam Batterflyay” operasını irqi əsər adlandırmış və rejissorları bu məşhur operanın “autentik quruluşlar”ından imtina etməyə çağırmışdır. Professorun rəyi britaniyalı musiqi həvəskarlarını təəccübləndirmişdir.
Onun fikrincə, müasir rejissorlar operanın original versiyasına çox böyük ehtiramla yanaşırlar, nəticədə dinləyicilərə, istər-istəməz, irqçi stereotiplər aşılanır.
Musiqişünasın bəyanatı “Madam Batterflyay” operası “Qovent-Qarden” Kral Opera Teatrında yenidən səhnəyə qoyulduqdan dərhal sonra səslənmişdir.
Yaponiyanın Londondakı səfirliyinin nümayəndəsi bu bəyanata belə münasibət bildirmişdir: “Bunun irqi opera olduğuna inanmıram. Bu əhvalat harada istəsən - Vyetnamda da, Londonda da, başqa ölkələrdə də baş verə bilərdi. Hadisələrin Yaponiyada cərəyan etməsinə görə biz özümüzü təhqir olunmuş saymırıq”.
Puççininin yazıçı Con Lüter Lonqun povestinin motivləri əsasında yaratdığı operada hadisələr XX əsrin əvvəllərində Yaponiyada baş verir. ABŞ donanmasının leytenantı Bencamin Franklin Pinkerton Çio-Çio-San adlı və Madam Batterflyay ləqəbli geyşa ilə tanış olur və zarafatla ona vurulduğunu söyləyir. 15 yaşlı qız onun təklifini ciddi qəbul edir. Pinkerton vətənə gedir və bir neçə ildən sonra amerikalı arvadı ilə Yaponiyaya qayıdır. O, Pinkertonun Çio-Çio-Sandan olan uşağını Amerikaya aparmaq istəyir. Sevgilisinin vəfasızlığına dözməyən Madam Batterflyay özünü öldürür.
Operanın ilk tamaşası 1904-cü ildə olmuşdur. İlk kəskin tənqidlərə baxmayaraq, o, dünyanın əksər musiqili teatrlarının repertuarında yer tutmuşdur.