LİSSABONDA BÖYÜK MƏSCİD TİKİLİR
Vaxtilə qüdrətli katolik ölkəsinin paytaxtı Lissabonda indi, XXI əsrdə 4,5 min ibadətçi üçün nəzərdə tutulan möhtəşəm bir məscidin tikintisi başa çatmaqdadır.
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, ibadətgahın tikintisi 25 ildən çox çəkmişdir. Yanvarda inşaatçılar tikintinin sonuncu, üçüncü mərhələsinə başlamış və onu ilin axırınadək sona çatdırmağı planlaşdırırlar. Hesablamalara görə, bu işlərin görülməsi üçün azı üç milyon avro lazımdır. Lakin tikinti komissiyasının üzvü Məhəmməd Abid əmindir ki, vəsait sarıdan heç bir problem olmayacaq, çünki İraq, İran, Türkiyə və digər müsəlman ölkələrinin özəl və dövlət fondları hərtərəfli yardım göstərəcəklərinə təminat vermişlər.
Lissabon məscidi hələ 1985-ci ildə açılsa da, indiyədək “layihə gücü”nə çıxa bilməmişdir. Hazırda burada cəmi üç minədək mömin namaz qılmaq imkanına malikdir. Portuqaliya müsəlmanları əmindirlər ki, tikinti başa çatdırıldıqdan sonra məscidə heç də təkcə onların dindaşları gəlməyəcəklər. Bina paytaxtın dəbdəbəli rayonunda, İspaniya Meydanı yaxınlığında yerləşir. Bu rayonda idman qurğuları az olduğuna görə, məscid kompleksi yerli sakinlərə əlavə imkanlar açacaqdır. Onlar çoxtəyinatlı pavilyondan istifadə edə biləcəklər.
Məscid xadimlərinin qeyri-müsəlmanlarla da iş təcrübəsi var. Məsələn, həftədə bir dəfə kompleksin salonlarından birində pulsuz ərəb dili dərsləri keçilir. Dərslərə gələnlərin 90 faizi başqa dinlərin nümayəndələridir.
Məhəmməd Abid deyir ki, Fars körfəzində birinci müharibədən sonra Portuqaliyada İslama və İslam mədəniyyətinə maraq daim artmaqdadır. Hər il payızda İslam kitabları yarmarkaları keçirilir. Onun fikrincə, kitab yarmarkası kimi tədbirlər məscid və ümumiyyətlə, İslam dini barədə səhv fikirləri və uydurmaları aradan qaldırmağa çox kömək edir.