Lerikdə gənclərlə görüş keçirilmişdir
Lerik, 27 noyabr (AZƏRTAC). Lerik şəhərindəki “Nur” şadlıq sarayında gənclərlə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müxtəlif idman yarışlarında və musiqi müsabiqələrində, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərin iştirak etdiyi tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov bildirmişdir ki, yeni nəslin inkişafının əsas vasitəsi gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanmışdır.
Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsinə məsul dövlət qurumu Gənclər və İdman Nazirliyi olsa da, yerlərdə istedadlı gənclərin üzə çıxarılmasında və onların rayonun ictimai-siyasi həyatına cəlb edilməsində yerli özünüidarəetmə orqanlarının üzərinə mühüm vəzifələr düşür.
Lerik Rayon İcra Hakimiyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlipənah Bayramov rayonun ictimai-siyasi həyatında, müxtəlif idman yarışlarında və musiqi müsabiqələrində uğur qazanmış gəncləri təbrik etmiş, dövlət gənclər siyasətinin icrası istiqamətində görülmüş işlərdən danışmış, bu sahədə qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.
Toplantıda çıxış edən gənclər onların sağlam böyümələri, təhsil almaları və həyatın bütün sahələrində uğur qazanmaları üçün göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda gənclərin bir qrupuna diplomlar və qiymətli hədiyyələr təqdim edilmişdir.