Lerikdə 8 Noyabr - Zəfər Günü qeyd edilib
Lerik, 8 noyabr, İlkin Adıyev, AZƏRTAC
Lerik rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunan təntənəli tədbir təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Lerik Rayon Mədəniyyət Mərkəzində rayon məktəblilərinin Zəfər Gününə həsr etdikləri əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.
Təşkil edilən bayram konsertində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Zəfər tarixi” adlı videoçarx nümayiş etdirilib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və Milli Məclisin deputatı İqbal Məmmədov 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir iştirakçılarını və rayon ictimaiyyətini təbrik ediblər.
Çıxışlarda Vətən müharibəsində qazandığımız şanlı Qələbənin təcəssümü olan Zəfər Gününün ikinci ildönümünün iftixar hissi ilə qeyd edildiyi, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının qürur mənbəyi olduğu vurğulanıb.
Azərbaycan xalqının öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrildiyi, ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildiyi diqqətə çatdırılıb.
Tədbirdə incəsənət nümayəndələrinin ifasında təqdim olunan vətənpərvərlik mövzusundakı mahnılar, bədii qiraətçilərin söylədiyi Zəfər bayramına, Qələbəmizə və şəhidlərə həsr olunan şeirlər maraqla qarşılanıb.