Kürdəmirdə qazilər gənclərlə görüşüblər
Kürdəmir, 2 fevral, AZƏRTAC
Kürdəmirdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi qaziləri ilə rayon gənclərinin görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Qalib ölkənin Qalib gəncləri” adı altında keçirilən görüşün iştirakçıları əvvəlcə Kürdəmirdəki Şəhidlər xiyabanına gəlib, Azərbaycanın müstəqilliyi, torpaqlarmızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini ehtiramla yad edib, məzarların üstünə çiçəklər düzüblər.
Gənclər evində keçirilən tədbirdəki çıxışlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda Azərbaycan gənclərinin bu gün ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatındakı fəal rolundan, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışılıb. Habelə, vurğulanıb ki, bu böyük tarixi Qələbədə ölkəmizin vətənpərvər və qəhrəman gəncləri sırasında Kürdəmir gəncləri də fəal iştirak ediblər. Qeyd olunub ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin ailələrinin, o cümlədən müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə bu gün ölkəmizdə xüsusi diqqət və qayğı göstərilir.
Sonda qazilərə rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanı və hədiyyələr verilib.