Kürdəmirdə ev yanıb
Kürdəmir, 28 fevral, AZƏRTAC
Kürdəmirdə ev yanıb. Hadisə bu gün günorta saatlarında rayonun Topalhəsənli kəndində baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini Vahid Eyyubova məxsus ümumi sahəsi 100 kvadratmetr olan 2 otaq, aynabənd və mətbəxdən ibarət ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yanğın baş verən zaman evdə heç kim olmayıb. Hadisədən xəbər tutan qonşular alovun söndürülməsinə cəhd göstərsələr də, qarşısını almaq mümkün olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisənin elektrik xəttində yaranan qısaqapanmadan baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.