Kriminal xəbərlər
Bakı, 22 mart (AZƏRTAC). Azərbaycan Respublikası CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elçin Mehdiyev Səbail Rayon Polis İdarəsi 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Martın 18-də Sabunçu qəsəbəsi 4-cü Mədən küçəsində Nurlana Cəfərovanın içərisində 350 manat olan pul kisəsini alıb qaçan Anar Əmiraslanov, Sahil Hümbətov və Elçin Rəhimov Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşları tərəfindən martın 19-da yaxalanmışlar.
Nizami Rayon Polis İdarəsi Narkotiklərlə mübarizə bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Əfqan Əzizovdan 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür.
Qaradağ Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Qrupunun keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Labutov Aleksandr Borisoviçdən 31,63 qram heroin və 205 qram həşiş aşkar olunaraq götürülmüşdür.
Martın 20-də Eldan Mayılov Mərdəkan qəsəbəsində Azər Əliyevə məxsus mağazaya daxil olub bıçaqla hədə-qorxu gələrək ərzaq məhsullarını apardığına görə Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur.
Martın 16-da L.Məmmədbəyli küçəsində yaşayan Rza Baxşıyevin mənzilindən televizor və qızıl boyunbağı oğurlamış Bakı şəhər sakini Səlimqarıyev Fəyaz Maratoviç Sabunçu Rayon Polis İdarəsi 13-cü polis bölməsinin əməkdaşları tərəfindən martın 20-də yaxalanmışdır.
Martın 18-nə keçən gecə Cavadxan küçəsindəki 21 nömrəli evin qarşısından Qəzənfər Cəfərova məxsus «VAZ-2107» markalı avtomobil qaçırılmış, bir qədər sonra isə Cavadxan küçəsində tapılmışdır. Nəsimi Rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Nahib Qarayev martın 20-də yaxalanmışdır.
Azərbaycan Respublikası CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Vüsal Talıbov Suraxanı Rayon Polis İdarəsi 30-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.