KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏ GÖRÜŞ
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, F.Abdullayev iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirmiş, Konstitusiya Məhkəməsinə fərdi şikayətlə müraciətetmə proseduru və həmin şikayətlərin öyrənilməsinin üsulları ilə bağlı respublikanın bölgələrində birgə keçirilən seminarların hazırlanmasında köməyə görə ATƏT-in Bakıdakı nümayəndəliyinə təşəkkürünü bildirmişdir. O, bu cür tədbirlərin cəmiyyətin hüquqi cəhətdən maarifləndirilməsi və Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların daha səmərəli qorunması üçün böyük rol oynadığını vurğulamışdır. F.Abdullayev demişdir ki, Konstitusiya Məhkəməsi Avropa konstitusiya nəzarəti orqanlarının təcrübəsinə böyük maraq göstərir, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətini daim öz diqqət mərkəzində saxlayır və onun qəbul etdiyi qərarları baxılan işlərdə tətbiq edir.
Mauritsio Pavezi ATƏT-in Bakı ofisi ilə Konstitusiya Məhkəməsi arasında olan əməkdaşlığı yüksək qiymətləndirərək, bunun daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulamışdır. O, həmçinin Konstitusiya Məhkəməsinin vətəndaş cəmiyyətinin formalaşmasında böyük rola malik olduğunu və respublikada Konstitusiya Məhkəməsinə fərdi şikayətlə müraciət etmək mexanizminin olmasının insanların hüquq və azadlıqlarının məhkəmə vasitəsilə qorunması üçün şərait yaratdığını bildirmişdir.
Görüşdə tərəflərin birgə hazırladıqları tədbirlərlə bağlı müzakirələr də aparılmışdır.