İsveçrədə Azərbaycanın mina problemindən bəhs edilib
Bakı, 7 aprel, AZƏRTAC
Cenevrə mətbuat klubunda “Azərbaycanda minaların məhvinə aparan yol: beynəlxalq çağırış” mövzusunda panel iclası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, minalarla bağlı məlumatlılığı artırmaq, onların məhv edilməsi istiqamətində irəliləmək və bu prosesə dəstək göstərmək məqsədilə reallaşan tədbirdə BMT-də akkreditasiyadan keçmiş Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (İRDG) katibi Ruçard Belliti, Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun (GIWEH) baş direktoru Nidal Səlim, Davamlı İnkişaf Məqsədləri üzrə Gənclər Parlamentinin (YPSDG) icraçı direktoru Noa Karri, proqram koordinatoru Aya Linda çıxış ediblər.
Natiqlər Azərbaycanın Qarabağ bölgəsinə səfər zamanı Ermənistan hərbi qüvvələri tərəfindən basdırılmış mina sahələrinin monitorinqini aparmalarına dair mülahizələrini bölüşüblər.
Qeyd edilib ki, İRDG Azərbaycan ərazisində qalan partlayıcı müharibə qalıqlarının əhali üçün yaratdığı təhlükədən dərin narahatdır. Hazırda Azərbaycan əlində olan bütün imkanlardan istifadə etməklə müharibə qalıqlarının aradan qaldırılması ilə məşğul olmaqla yanaşı, 750 min məcburi köçkünün sosial inteqrasiyası üzərində də çalışır. Lakin bölgə müharibənin qalıqlarından tam təmizlənməyincə, əhalinin geri qayıtması mümkün deyil.
Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsinin minalardan təmizlənməsinə ayırdığı resurslara baxmayaraq, müharibə qalıqları ilə bağlı problemin səmərəli həlli üçün maliyyələşdirmə təşəbbüsləri vasitəsilə beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir. Vurğulanıb ki, beynəlxalq yardım insanların həyatını xilas etməyə kömək göstərəcək, məcburi köçkünlərə öz evlərinə təhlükəsiz, ləyaqətlə qayıtmağa imkan verəcək, təsirə məruz qalan ərazilərin və insanların davamlı inkişafını təmin edəcək.
Azərbaycanda mina partlaması nəticəsində mülki insanların həlak olduğuna və yaralandığına diqqəti cəlb edən çıxışçılar erməni iştirakçılarından birinin “Minaları kim basdırıb” kimi absurd sualına birmənalı olaraq “Ermənistan silahlı qüvvələri” cavabını veriblər. Diqqətə çatdırılıb ki, onlar Azərbaycanın Qarabağ bölgəsində səfərləri zamanı Ermənistan tərəfinin törətdikləri dəhşətli dağıntıların və ekoloji fəlakətin canlı şahidi olublar.
BMT-nin Davamlı İnkişaf Proqramında 17 məqsədin olduğunu xatırladan təşkilat təmsilçilərindən biri mina məsələsinin 18-ci məqsəd kimi sənədə əlavə olunmasının gündəmə gətirilməsi təklifi ilə çıxış edib. Azərbaycanda yaranmış durumu nümunə gətirən natiq bildirib ki, mina məsələsini həll etmədən bütün digər məqsədlərin gerçəkləşdirilməsi qeyri-mümkündür.