İsrailli diplomat ADAU-da olub
Gəncə, 11 yanvar, Elcan Məmmədov, AZƏRTAC
İsrailin ölkəmizdəki diplomatik missiya rəhbərinin müavini Doron Pe’er Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin rektoru İbrahim Cəfərov qonaqla ADAU ilə İsrail universitetləri arasında əməkdaşlıq imkanlarını müzakirə edib. Rektor Aqrar Universitet ilə İsrail səfirliyi arasında davamlı və səmərəli əməkdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusi vurğulayıb.
Görüşdən sonra Doron Pe’er ADAU-nun maddi-texniki bazası ilə yaxından tanış olub. Biotexnologiya Mərkəzində olan qonaq burada qida mühitinin hazırlanması və sterilizasiya otağı, iqlim otağı, əkin otağı və laboratoriyalara baxış keçirib. Bildirilib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılmış yeni Biotexnologiya Mərkəzində bitkilərin müxtəlif stress amillərinə, xəstəliklərə qarşı davamlılığının müəyyən edilməsi məqsədilə molekulyar analizlər həyata keçirilir.
Universitetlə tanışlıqdan sonra Doron Pe’er ali təhsil müəssisəsinin tələbə evində müxtəlif ixtisaslardan olan bir qrup tələbə üçün mühazirə söyləyib.