İspanağı əvəz edən tərəvəz - manqold
Manqoldun tərkibi A, E, K vitaminləri, dəmir, kalium, natrium, maqnezium kimi elementlərlə zəngindir
Bakı, 6 yanvar, AZƏRTAC
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu seleksiya proqramına uyğun olaraq bir sıra tərəvəz bitkilərinin yeni sort və hibridlərinin yaradılması istiqamətində işlər həyata keçirir. Bu bitkilərdən biri də manqolddur.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Manqold unnucalar (Chenopodiaceae) fəsiləsinə mənsub ikiillik, torpağın münbitliyinə, strukturuna, nəmliyə tələbkar ot bitkisidir. Birinci il rozet yarpaqları və kökümeyvə, ikinci il isə çiçəkləyib toxum verir. Güclü yarpaqları dikduran, yaxud yarımdikduran olub bir neçəsindən ibarət rozet əmələ gəlir. Yarpaq ayası böyük olub hamar və ya qırışıq-dalğalı, müxtəlif rənglidir. Saplaqları ətli, müxtəlif rəngli və ölçülüdür. Kökü çoxşaxəli, bəzən mil şəklində, bəzən yoğunlaşmış yarımkökümeyvə şəklində olur.
Bu bitki yüksək yarpaq kütləsi vermək qabiliyyətinə malikdir. Şirəli yarpaqların yüksək məhsulunu əldə etmək üçün qida elementləri ilə zəngin, rütubətli torpaq tələb olunur. Belə olmadıqda isə manqoldun yarpaqları kobudlaşır və dadsız olur. Manqoldun yarpaqlarında çoxlu miqdarda K vitamini, həmçinin A, E vitaminləri, dəmir, kalium, natrium və maqnezium kimi elementlər mövcuddur.
Cavan yarpaqları təzə halda müxtəlif salatlarda, həmçinin bişirilmiş halda bəzi xörəklərin hazırlanmasında istifadə edilir.
Manqoldun zərif yarpaqları ispanağı əkib becərmək mümkün olmayan iyun-sentyabr aylarında onu əvəz edir. Texniki yetişkənliyə cücərti alınandan, becərmə şəraitindən asılı olaraq 40-50 gün sonra çatır. Bir mövsümdə 3-6 dəfə məhsulu toplana bilər.