İCAZƏSİZ YÜRÜŞÜN QARŞISI ALINMIŞDIR
Bakı, 15 fevral (AZƏRTAC). Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, fevralın 13-də saat 15 radələrində Bakı şəhərinin Yasamal rayonunda, Murtuza Muxtarov və Salatın Əsgərova küçələrinin kəsişdiyi ünvanda yerləşən Hacı Sultanəli məscidindən ibadətdən çıxan təxminən 60-70 nəfərdən ibarət bir qrup şəxs özləri ilə götürdükləri, üzərində dini sözlər yazılmış şüarlar və əvvəlcədən hazırlanmış gül çələngi ilə icra hakimiyyəti orqanlarını xəbərdar etmədən və müvafiq icazə almadan Füzuli meydanı istiqamətində piyadaların və nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi H.Hacıyev küçəsi ilə Şəhidlər xiyabını istiqamətində qanunsuz yürüş etməyə cəhd göstərmişlər.
İcazəsiz yürüşün qarşısını almaq və ictimai asayişin qorunmasını təmin etmək məqsədilə həmin ünvana gəlmiş Yasamal Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən yürüş iştirakçılarına yol verdikləri hərəkətlərin qanunsuz olması izah edilməsinə baxmayaraq, onlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, ictimai qaydanı kobud surətdə pozaraq, N.Nərimanov küçəsində nəqliyyatın normal fəaliyyətinə mane olmuş, xidməti vəzifələrini yerinə yetirən Yasamal və Səbail rayon polis idarələrinin əməkdaşlarını daş və əllərində olan şüarların ağac hissəsi ilə vuraraq hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərmişlər.
Nəticədə polis əməkdaşlarından Hüseynov Sərvər Hüseyn oğlu, Şirinov Teymur Qeybulla oğlu, Abbasov Elşən Orucəli oğlu, Əhmədli Ramil Eldar oğlu, Yusifov Ceyhun Firudun oğlu, eyni zamanda yürüş iştirakçılarından bir neçəsi müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.
Həmin fakta görə fevralın 13-də Yasamal Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törədilməsi) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmış, rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə hadisə baş vermiş ərazidə video çəkilişi aparılmaqla baxış keçirilmiş, hadisə yerindən qan nümunələri, daş parçaları, ağac və taxta hissələri aşkar edilərək götürülmüş, tədbirin keçirilməsində iştirak edən vətəndaşların, habelə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının ifadələri alınmış, xəsarət yetirilmiş polis işçiləri və onlara zor tətbiq edən şəxslər məhkəmə-tibb ekspertizasından keçirilmiş, hadisənin törədilməsində fəal iştirak edən şəxslərlə tanınma və üzləşdirmə hərəkətləri aparılmışdır.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə hadisənin fəal iştirakçılarından dörd nəfər Cinayət Məcəlləsinin 221.3-cü və 315.2-ci maddələrində nəzərdə tutulan cinayət hərəkətləri törətməkdə şübhəli şəxs qismində saxlanılmış, yeddi nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati həbs seçilmiş, beş nəfər inzibati qaydada cərimələnmiş, iki nəfərə isə xəbərdarlıq edilmişdir.
Cinayətin baş vermə səbəblərinin müəyyənləşdirilməsi, həmçinin onu törətmiş şəxslərin dairəsinin tam dəqiqləşdirilməklə istintaqa cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.