Heykələ dönən ömür...
Şamaxı, 26 yanvar, AZƏRTAC
Vətən uğrunda ölüm qədər şərəfli ölüm yoxdur. Azərbaycanın bu haqq davasında minlərlə igid torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərərək müqəddəs şəhidlik zirvəsinə ucaldı və adlarını müasir tariximizə qızıl hərflərlə yazdırdı. Həmin qəhrəmanlardan biri də Aprel döyüşləri şəhidi Samir Kaçayevdir.
AZƏRTAC gənc jurnalist Vurğun Mədətovun Samir Kaçayev haqqında yazısını təqdim edir.
Məşhur yazıçı Əzizə Cəfərzadənin əsərinin birində deyildiyi kimi, “Şamaxı yollardan başlayır...”. Amma bəzən kimlərinsə həyat yolu bu yolların başlanğıcında bitir. Elə Samir Kaçayev kimi... Onun ömrü bu yolların başlanğıcında bitsə də, doğma yurdunu, torpağını müqəddəs edən şəxslərdən oldu. Samir də müqəddəs insanların, övliyaların, şeyxlərin və neçə-neçə dahi şairin uyuduğu torpağa qovuşdu. Şəhid memarımız tarix olub əbədiləşdi, amma tarix boyu əbədi olaraq bizə miras qoyduğu çox şey oldu. Onlardan biri də qiymətsiz əl işi olan “Küləklə sovrulanlar” kompozisiyasıdır.
Samir Kaçayevin bu möhtəşəm əl işi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində Şamaxının mərkəzində yeni salınan parkda ucaldılıb.
Haşiyə: Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin idmana olan marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə regionlarda müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində Şamaxı şəhərindəki park da yenidən qurulub, yaşıllıq və gəzinti sahələri yaradılıb, sakinlərin və qonaqların istirahəti üçün infrastruktur qurulub. Açıq havada idmanla məşğul olmaq üçün müxtəlif idman qurğuları quraşdırılıb. Qeyd edək ki, belə idman qurğuları şəhərin müxtəlif yerlərində də quraşdırılaraq sakinlərin ixtiyarına verilib.
Prezident İlham Əliyev 2021-ci il noyabrın 1-də Şamaxı şəhərinə səfəri zamanı açılışında iştirak etdiyi parkda “Küləklə sovrulanlar” kompozisiyasını yüksək qiymətləndirib və bildirib ki, “bu, şəhidin valideynləri, həmçinin rayon sakinləri üçün böyük hədiyyə, rayona gələn qonaqların da diqqətini çəkən bir əsərdir.”
Samir Ziyatin oğlu Kaçayev 1994-cü il martın 6-da Şamaxının Çuxuryurd kəndində dünyaya gəlib. Anası Əminə xanım deyir ki, Samir doğulan gün günəş çox parlaq idi. Bəlkə də parlayan günəş 22 yaşında bir çoxuna örnək olacaq qəhrəmanın gəlişini xəbər verirdi. İkiuşaqlı ailənin yeganə oğlu olan Samirin kiçik yaşlarından rəsm çəkməyə, heykəltəraşlığa böyük marağı vardı. Elə bu həvəslə də 2011-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinə daxil olur. Bacarığı ilə hamıdan seçilən Samir, 2015-ci ildə Akademiyanı müvəffəqiyyətlə bitirərək heykəltəraş ixtisasına yiyələnir. O, emalatxanada çalışdığı iki il ərzində 30-dan çox kompozisiya yaradır. Samir magistraturaya daxil olsa da, təhsilə başlamadan öncə, Vətən sevgisi onu hərbi xidmətə, Tərtərə aparır. 2016-cı ildə məzuniyyət üçün Şamaxıya, doğma kəndinə gələn Samir, martın 8-də Akademiyadakı müəllimlərini və dostlarını görmək üçün Bakıya yola düşür. O, həm də tələbə vaxtı yarımçıq qoyduğu əsəri olan qız portreti üzərində işi başa çatdırmaq istəyir, amma bu, mümkün olmur. Dostlarına bu əsəri olduğu kimi saxlamağı tapşırır və hərbi xidmətdən qayıtdıqdan sonra onu tamamlayacağını bildirir. Samir hərbi xidmətə qayıtmaq üçün dostları ilə sağollaşarkən, “hətta cəmi beş dəqiqəlik çıxdıqda belə, əbədi olaraq ayrılırmış kimi vidalaşın” deyir. Sanki geri dönməyəcəyini hiss edibmiş. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə ermənilər cəbhəboyu ərazilərimizi atəşə tutmağa başlayır. Samir Kaçayev aprelin 2-sinə keçən gecə cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Əsgər yoldaşları həddindən artıq nizam-intizamlı və bacarıqlı olan Samirin ölümünə hələ də inanmadıqlarını deyirlər. Çuxuryurd kəndində dəfn olunan Samir göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Samir Kaçayevin məzarı üzərində dostu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc müəllimi Rahib Qarayevin yaratdığı heykəl ucaldılıb. 2007-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında Vaqif Əsədovun rejissorluğu ilə şəhid memarımıza həsr olunan “Yarımçıq qalmış” tamaşası səhnəyə qoyulub.
Qısa ömründə böyük işlər görməyə müvəffəq olan Samir yaratdığı əsərləri, sənətə baxışı, insanlara münasibəti, Vətənə sevgisi ilə onu tanıyanların rəğbət və məhəbbətini qazanıb.
Qəhrəman şəhidimiz yaşamaqdan qorxmadığı kimi, ölməkdən də qorxmadı, canını sevdiyi Vətən uğrunda fəda elədi. Onun yoxluğunu isə ata-anası yaşayır. Özü də bitməz bir acı ilə... Hər zaman övladını “evimin çırağı”, “evimin dirəyi” deyə əzizləyən Əminə anamıza dərdi verən Allah, dərmanını da müqəddəs “Şəhidlik” adı ilə verdi.
Samir Kaçayev yaşayır... O, əsərlərində yaşayır, tamamlanmağı gözləyən “yarımçıq” əl işlərində yaşayır. O, məğlubedilməz, şərəfli, qalib Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaq.